Yeni başlayanlar üçün SEO haqqında hərtərəfli və praktiki bələdçi
31 July 2025

Yeni başlayanlar üçün SEO haqqında hərtərəfli və praktiki bələdçi
Dünyanın ən gözəl fikrini deyirsənsə belə, səni eşidən yoxdursa — fərqi nədir? Onlayn dünyada da eynən belədir: görünmürsənsə, mövcud deyilsən. Əgər saytın, bloqun, məhsulun və ya sadəcə bir ideyan varsa, amma onu insanlar tapmırsa, deməli bir şey çatışmır — SEO.
SEO (Search Engine Optimization) internetdə görünmək üçün sənə lazım olan görünməz açardır. Amma bu, ancaq texniki mütəxəssislərin yox, elə sənin də tətbiq edə biləcəyin bir prosesdir.
Bu məqalədə sən:
SEO-nun əslində nə olduğunu,
Onu öz dilində necə anlaya və tətbiq edə biləcəyini,
Saytını və ya kontentini necə daha çox insana çatdıra biləcəyini öyrənəcəksən.
SEO nədir və veb saytlar üçün hansı funksiyanı yerinə yetirir?
SEO (Search Engine Optimization) – Axtarış sistemləri üçün optimizasiya deməkdir.
Sadə dillə desək, saytımızı Google kimi axtarış sistemlərində daha görünən etmək üçün etdiyimiz düzəlişlər və fəndlərdir.
SEO-nun əsas funksiyaları bunlardır:
- Veb saytın görünürlüğünü artırmaq: SEO optimizasiyası sayəsində saytınız axtarış nəticələrinin ilk səhifələrində yer ala bilər. Bu da daha çox insanın saytınıza daxil olması deməkdir.
- Orqanik trafik cəlb etmək: SEO pullu reklamdan fərqli olaraq, uzunmüddətli və davamlı olaraq sayta təbii yolla istifadəçilər gətirir.
- İstifadəçi təcrübəsini yaxşılaşdırmaq: Saytın sürəti, mobil uyğunluğu, naviqasiyası kimi texniki aspektlər SEO-nun tərkib hissəsidir və bu, istifadəçinin saytda rahat gəzməsini təmin edir.
- Brendin etibarlılığını artırmaq: Google-un üst sıralarında yer almaq istifadəçilər üçün brendin güvənli və peşəkar olduğuna işarədir.
- Rəqiblərlə rəqabətdə üstünlük qazanmaq: SEO optimizasiyalı saytlar rəqiblərlə müqayisədə daha tez tapılır və daha çox klik alır.
SEO həm texniki sahələri (sayt xəritəsi, kod strukturu, SSL sertifikatı və s.), həm də məzmun tərəfini (açar sözlər, bloq yazıları, meta təsvirlər və s.) əhatə edir.
Bir veb sayt üçün SEO-nun əhəmiyyəti nədən ibarətdir və niyə vacib sayılır?
Düzünü desək, gözəl bir sayt yaratmaqla iş bitmir. Əgər o saytı heç kim tapmırsa, nə faydası var? Sanki kitab yazmısan, amma kitab heç bir kitabxanada yoxdur. SEO – həmin kitabın rəfdə ən görünən yerdə durmasına kömək edən sehrli əl kimidir.
SEO-nun əhəmiyyəti nədədir, bilirsən?
Tapan tapır, axtaran tapır. İnsanlar axtarış sistemlərində (Google, Bing və s.) minlərlə sual verir. Sənin saytın bu cavabların içində çıxırsa – qazandın!
Reklam etmədən reklam edirsən. SEO sayəsində saytına orqanik şəkildə – yəni əlavə pul xərcləmədən – daimi trafik gəlir. Səni axtaran səni özü tapır.
Rəqabətdə öndə olursan. Rəqibin axtarışda çıxır, sən isə yox? O zaman müştərilər də ona gedəcək. SEO səni yarışdan kənarda qoymur – əksinə, önə çıxarır.
İstifadəçi təcrübəsi də yaxşılaşır. SEO təkcə axtarış üçün deyil, saytın sürəti, mobil uyğunluğu, başlıqlar, naviqasiya – yəni hər şey üçün faydalıdır.
Yəni sayt yaratdınsa, SEO eləməmək – suya gəmi buraxıb onu bağlamaq kimidir: “bəlkə kimsə təsadüfən tapar” ümidiylə yaşamaqdır.
SEO prosesində istifadə edilən əsas üsullar və onların tətbiq yolları
SEO elə bir aləmdir ki, burada hər klik, hər söz və hətta hər pikselin öz missiyası var. Elə bil veb saytın görünməyən sahnəarxası komandasıdır – səssizcə çalışır, amma nəticəsi səni zirvəyə çıxarır. Gəlin indi bu “komanda üzvlərini” tanıyaq:
- Açar sözlər (Keywords) - İnsanlar Google-a nə yazırsa, məhz o sözlər sənin açar sözlərindir. SEO-nun ilk və ən vacib addımı da budur: insanlar səni necə axtarır?
- On-page SEO - Burada saytın öz içində gördüyün və görmədiyin detallar işlənir. Başlıqlar (H1, H2...), şəkil alt yazıları, URL-lərin quruluşu, kontentin keyfiyyəti və s.
- Off-page SEO - Səni başqaları tövsiyə edirsə, Google deyir: “Hmm, demək bu sayt dəyərlidir!” Buraya backlinklər (başqa saytlardan gələn keçidlər), sosial siqnallar və brend adı ilə axtarışlar daxildir.
- Mobil uyğunluq və UX - SEO artıq təkcə mətnlə ölçülmür. Saytın mobil dostu olması, sürətli yüklənməsi və istifadəyə rahat olması axtarış sıralamasına təsir edir.
- Texniki SEO - Burada sayt xəritəsi (sitemap), robot.txt, kanonik URL-lər, indeksləmə və server cavab kodları kimi daha texniki məsələlər var.
SEO prosesi bir dəfəlik görülən texniki tədbirlər toplusu deyil. Bu, davamlı diqqət və strateji yanaşma tələb edən uzunmüddətli bir prosesdir. Saytın daim optimizasiya olunması, yenilənməsi və dəyişən axtarış alqoritmlərinə uyğunlaşdırılması vacibdir- Ona mütəmadi qulluq göstərilməlidir.
Saytınız üçün düzgün açar sözləri necə seçmək və optimallaşdırmaq olar?
Açar söz (keyword) – istifadəçilərin Google-da və digər axtarış sistemlərində yazdığı söz və ifadələrdir. Saytın məzmununda bu sözlər olduqda, Google yazını həmin axtarışla uyğunlaşdırır və istifadəçiyə təqdim edir.
Niyə vacibdir?
- Saytın Google-da görünməsi üçün əsas açardır
- Düzgün açar söz → düzgün auditoriya → daha çox trafik və satış
- Açar söz seçmək – yazacağın mövzu ilə bağlı insanların Google-da nə axtardığını tapmaqdır.
Əvvəlcə, yazacağın mövzu müəyyən olunur. Açar söz tapmaq üçün Ubersuggest, Google Keyword Planner, AnswerThePublic və Google Autosuggest kimi alətlərdən istifadə edə bilərsən. Bu alətlərə sözü yazdıqda sənə konkret və real axtarış təklifləri verir.
Optimallaşdırma zamanı çox vacibdir ki, açar sözlər məqaləyə məcbur şəkildə yox, təbii axınla daxil edilsin. Əgər eyni sözü həddən artıq çox təkrar etsən, Google bunu spam kimi dəyərləndirə bilər və bu yazının sıralamasına zərər verər. Eyni zamanda, başlıqda və meta hissədə açar sözlər olmazsa, axtarışda görünməyəcək və oxucu cəlb etməyəcək.
Sonda isə, yaxşı seçilmiş və optimallaşdırılmış açar sözlər sayta daha çox trafik gətirir, yazını Google-da yuxarı çıxarır və real oxucu cəlb edir.
Effektiv meta təsvirlər və başlıqlar yazmaqla klik dərəcəsini necə artırmaq olar?
Meta başlıq (title tag) və meta təsvir (description) — bir yazının və ya sayt səhifəsinin Google axtarış nəticələrində ilk təqdimatıdır. Oxucu məhz bu hissəyə baxaraq qərar verir: klik etsin, ya keçsin.
Uğurlu bir başlıq açar sözlə başlayır, konkret və maraq oyadan formada yazılır. Məsələn, “Necə” ilə başlayan sual formatlı başlıqlar və ya rəqəmli list tipli ifadələr oxucuda maraq yaradır:
“Email marketinq üçün 5 əsas addım”
“Yeni başlayanlar üçün SEO bələdçisi”
Meta təsvir isə yazının qısa, 150–160 simvolluq izahıdır. Oxucuya bu yazıda nə öyrənəcəyini və nə fayda əldə edəcəyini göstərməlidir. Burada əsas açar söz və diqqətçəkici cümlə olmalıdır:
“Bu bələdçidə email marketinqə başlamaq üçün lazım olan əsas alət və texnikaları öyrənəcəksiniz.”
Effektiv optimallaşdırılmış başlıq və təsvir:
-Yazının axtarışda daha yaxşı sıralanmasına kömək edir
-Oxucuda klik etmə istəyi yaradır
-Saytın CTR – Click Through Rate (klikləmə faizi) göstəricisini artırır
Unutma: Yaxşı məzmunun görünməsi üçün yaxşı təqdimat şərtdir. Meta hissələr məzmunun "vitrinidir" – nə qədər cazibədar olsa, bir o qədər oxucu gətirir.
SEO strategiyanızı gücləndirə biləcək ən faydalı və geniş istifadə olunan alətlər
SEO uğurlu olmaq üçün sadəcə yaxşı məzmun yazmaq kifayət deyil. Saytınızın necə performans göstərdiyini izləmək, istifadəçi davranışlarını təhlil etmək, rəqibləri analiz etmək və açar söz seçimində daha dəqiq olmaq üçün peşəkar SEO alətlərinə ehtiyac var. Bu alətlər sizin üçün bir növ “rəqəmsal kompas” rolunu oynayır.
Bunlar aşağıdakılardır:
- Google Search Console - Google-un rəsmi alətidir və saytınızın axtarış sistemində necə göründüyünü təhlil etməyə imkan verir.
- Google Analytics - Sayta gələn ziyarətçilərin haradan gəldiyini, necə davrandığını və hansı səhifələrdə daha çox vaxt keçirdiyini göstərir.
- Ahrefs / SEMrush - Peşəkar SEO mütəxəssisləri üçün ən güclü alətlərdəndir. Rəqiblərin strategiyasını izləmək, backlink-ləri analiz etmək və açar söz tədqiqatı aparmaq üçün idealdır.
- Ubersuggest - Sadə interfeysli və sərfəli qiymətli bu alət əsasən açar söz təhlili və kontent ideyaları üçün istifadə olunur. Yeni başlayanlar üçün idealdır.
- Yoast SEO (WordPress saytları üçün) - WordPress istifadə edənlər üçün ən məşhur SEO plaginidir. Sayt içi optimizasiya üçün çox faydalıdır.
SEO alətləri olmadan effektiv nəticə əldə etmək çox çətindir. Bu vasitələr sizə daha ağıllı qərarlar verməyə, strategiyanızı optimallaşdırmağa və rəqiblərdən fərqlənməyə kömək edir.
